Türkmənistan da Rusiya vaksinini təsdiqləyir

SAVASH.ORGsavash.org


  Türkmənistan indiyədək ölkədə koronavirusa bircə yoluxmanın da olmadığını bildirməsinə baxmayaraq, Rusiyanın COVID-19-a qarşı Sputnik-V vaksinini qeydiyyata alıb. Bu haqda Rusiyanın Birbaşa İnvestisiya Fondu (RBİF) məlumat yayıb. “Türkmənistan Orta Asiyada Sputnik-V vaksinindən istifadəni rəsmən təsdiqləyən ilk ölkə oldu”, – qurumun bəyanatında deyilir. Vaksin əlavə kilinik araşdırma aparılmadan təcili təsdiqlənib. Aşqabad indiyədək ölkədə koronavirusa bircə yoluxmanın da olmadığını bildirir. Ancaq Dünya Səhiyyə Təşkilatı (DST) avqustda Türkmənistanda atipik pnevmoniya hallarının yayılmasından narahatlıq bildirdi və hakimiyyəti müstəqil testlər aparmaqdan ötrü onlara icazə verməyə çağırdı. Həbsxanalarda, məktəblər, ümumiyyətlə əhali arasında yoluxmanın artmasının əlamətlərinə, xəstəxanalarda getdikcə daha çox qələbəlik olmasına baxmayaraq ölkə rəsmiləri hələ də heç bir yoluxmanın olmadığını deyirlər. Qonşu ölkələrdə isə yoluxma halları az deyil. Bir çox sakinlər isə xəstə olmalarına rəğmən evdə müalicə olunduqlarını deyirlər, çünki həkimə gedincə yoluxa biləcəklərindən ehtiyatlanırlar. AzadAvropa/AzadlıqRadiosu müxbirlərinin bildirməsinə görə, ağciyər xəstəliklərindən ölənlərin meyitləri yaxınlarına xüsusi plastik torbalarda çatdırılır, ölkədə təzə qəbirlərin sayı durmadan artır. Rusiyanın Sputnik-V bir sıra ölkələrdə, o cümlədən Əlcəzair, Argentina, Belarus, Boliviya, Fələstin, Paraqvay və Venesuelada istifadəyə təsdiqlənib.
24saat.org
Mənbə – azadliq.org