Toyunun fotoqrafçısı Stiv Cobs olan milyarderin inanılmaz

SAVASH.ORGsavash.org

 

Teleqraf.com “Forbes” jurnalında dünyanın ən varlı şəxsləri siyahısında adları keçən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, şəxsi həyatlarını necə keçirmələri barədə araşdırmalar aparıb.

Araşdırmaları “Milyardların sahibi” rubrikasında təqdim edəcəyik.

Bu dəfəki məqaləmiz dünyanın ən varlı şəxslərindən olan amerikalı milyonçu Larri Ellisona həsr olunub.

O, 1944-cü ilin avqustun 17-də ABŞ-ın Nyu-York şəhərində dünyaya gəlib.

Övladlığa verilir

Larri Ellisonun anası Florens Spellmana yəhudi qadındır. O, tək ananın övladı olaraq dünyaya gəlir. Ellisonun bioloji atası isə italyandır, ABŞ Ordusu Hava Korpusu pilotu olub. Larri doqquz aylığında pnevmoniya olur. Bundan sonra anası onu bibisinə və əmisinə övladlığa vermək üçün Çikaqoya göndərir.

Ellison 48 yaşına qədər bioloji anası ilə bir daha görüşmür.

Ellison onu dəstəkləməyən, sərt, inadkar, tələbkar atalığından fərqli olaraq, övladlığa götürdüyü anasını mehriban, qayğıkeş və sevgi dolu xatırlayır. Larri müstəqil, özünə güvənən böyüyürdü, bu da ögey atası ilə davamlı mübahisələrə və anlaşılmazlıqlara səbəb olurdu.

(Analığı Lillian Spellman Ellison, atalığı Louis Ellison)

Təhsili

Larri Ellison orta məktəbdən sonra Çikaqodakı “South Shore” liseyini bitirir. 1960-cı illərdə “Urbana-Champaign İllinoys” Universitetinə (University of Illinois at Urbana–Champaign) daxil olur. Bunlar həyatının ilk xoşbəxt anları idi, gələcək aydın və məhsuldar görünürdü. Lakin ikinci kursda Ellisonu övladlığa götürən anası Lillian Spellmanın ölümündən sonra son imtahanlarını verməkdən imtina edir və universitetdən ayrılır.

1966-cı ildə Çikaqo Universitetində iki semestr fizika-riyaziyyat fakültəsinə daxil olur. Ancaq tezliklə onun təhsilə olan marağı itir və zəif oxuaması nəticəsində ilk semestrdən sonra universitetdən qovulur.

22 yaşlı Ellison elə həmin ildə Kaliforniyanın Berkeley şəhərinə köçür. Yoxsulluq həddində yaşayan Ellison, demək olar ki, bütün vaxtını kompüter və proqramlaşdırma kimi yeni sahələrə sərf edir.

 

Karyerası və “Oracle Corporation”

(“Oracle”un yuxarıdan görüntüsü)

Ellison öz işini qurmadan əvvəl müxtəlif sahələrdə çalışıb. Kollec və müxtəlif işləri arasında Ellison təməl kompüter bacarıqlarına yiyələnir. Bank, ipoteka, investisiya, kredit kartı, fərdi biznes və ticarət maliyyə xidmətləri göstərən “Wells Fargo” adlı şirkətdə işə başlayır.

Eyni zamanda kompüter məhsulları üzrə ixtisaslaşmış, superkompüterlər kimi qəbul edilən “Amdahl Corporation” adlı informasiya texnologiyası şirkətində də çalışır. Onun bu sahədə öyrəndikləri gələcək iş həyatında çox kömək edir.

Larri Ellison amerikalı iş adamları Bob Miner və Ed Oateslə birlikdə “Software Development Laboratories”( SDL ) – Proqram inkişafı laboratoriyaları) adılı şirkət qurur. 1977-ci il iyunun 16-da ortaq qurulan şirkətin adı sonradan “Oracle Corporation” olaraq dəyişdirilir.

“SDL” 2000 dollarlıq bir investisiya ilə qurulur və pulun 1200 dolları Larri Ellisonun cibindən çıxır.

(1978-ci il Ed Oates, Bruce Skott, Bob Miner və Larri Ellison “Oracle”ın ilk ildönümünü qeyd edirlər)

Şirkət 10-dan az işçiyə və illik 1 milyon dollardan az gəlirə sahib idi, lakin 1981-ci ildə “IBM Oracle”ı istifadə etməklə bağlı müqavilə imzalayır və şirkətin satışları növbəti yeddi il ərzində hər il iki dəfə artır.

“Oracle Corporation”un xidmət sahəsi genişdir. Korporasiya əsasən, biznes proqramı, tətbiqetmələr, konsaltinq, verilənlər bazası proqramı, bulud mühəndis sistemlərini, xüsusən də öz markasında olan verilənlər bazası idarəetmə sistemlərini satır. Şirkət eyni zamanda verilənlər bazası inkişafı və orta səviyyəli proqram təminatı, müəssisə resurslarının planlaşdırılması (ERP), insan kapitalının idarə edilməsi (HCM), müştəri ilə münasibətlərin idarəedilməsi (CRM) proqram təminatı və təchizat zəncirinin idarə edilməsi (SCM) proqramları üçün də alətlər hazırlayır və qurur.

1990-cı ildə “Oracle Corporation” pul itirdiyi üçün işçi qüvvəsinin 10% -ni (təxminən 400 nəfər) ixtisar edir. Az qala şirkətin iflas etməsi ilə nəticələnən bu böhrandan qurtulmaq üçün “Oracle Corporation”ın satıcıları potensial müştəriləri mümkün olan ən böyük həcmdə proqramı birdən almağa təşviq edirlər. Satıcılar daha sonra cari rübdə gələcək lisenziya satışlarının qiymətini sifariş etdilər və bununla da bonuslarını artırdılar. Gələcək satışlar sonradan həyata keçirilmədikdə bu problem oldu.

“Oracle” qazancını iki dəfə yenidən qeyd etməli və gəlirini çox göstərməsindən irəli gələn iddiaları həll etməli oldu. Ellison sonralar “Oracle”nin inanılmaz bir iş səhvi etdiyini demişdi.

1997-ci ildə Larri Ellison “Apple Computer”ın idarə heyətinədə beş il direktor işləyir, 2002-ci ildə bu vəzifədən istefa verir. İstefanın səbəbini belə izah edir: “Stiv və “Apple”dakı icraedici idarəetmə qrupuna məsləhətlərimi verməyə davam edəcəyəm, amma cədvəlim hazırda direktor rolunu almaq üçün kifayət qədər rəsmi idarə heyəti iclaslarında iştirak etməyə imkan vermir”.

2020-ci ildə “Oracle” gəlir və bazar kapitallaşmasına görə ikinci ən böyük proqram təminatı şirkəti olur. Həmin ilin dekabrında “Oracle”ın səhmləri 4 faiz artır. Bir həftədə Ellisonun sərvəti 2,5 milyard dollar artır. Gündən-günə uğuru artan Larri deyir ki, biz işi düzgün etmirik, düzgün şeyləri edirik.

“Oracle Corporation” hazırda Amerikanın çoxmillətli kompüter texnologiyası şirkətlərindən biridir.

Larri Ellison 2014-cü ildə “Oracle Corporation”un baş icraçı direktoru vəzifəsindən imtina edir, amma şirkətin icraçı sədri və baş texnologiya müdiri olaraq qalır.

Dünya miqyasında xidmət göstərən şirkətin 135 mindən çox işçisi var.

“Oracle Corporation” müxtəlif illərdə yaradılmış 134-dən çox törəmə müəssisədən ibarətdir.

Maaşı və aldığı təzminatları

(Şirkətin əməkhaqqı hesabatlarından biri)

2005-ci ildə “Oracle Corporation” Ellisona 975 min dollar maaş, 6 milyon 500 min dollar bonus və 955 min 100 dollar təzminat ödəyir.

2007-ci ildə Ellison 1 milyon dollar baza əməkhaqqı, 8 milyon 369 min dollar pul mükafatı və 50 milyon 87 min 100 dollar məbləğində verilmiş opsion daxil olmaqla 61 milyon 180 min 524 dollar təzminat qazanıb.

2008-ci ildə 1 milyon dollar əsas əməkhaqqı, 10 milyon 779 min dollar pul mükafatı, səhm qrantı və 71 milyon 372 min 700 dollar verilən opsion daxil olmaqla ümumilikdə 84 milyon 598 min 700 dollar təzminat qazanıb.

2009-cu ilin mayında 56,8 milyon dollar qazanıb.

2009-cu ilin iyulundan ardıcıl dörd il idi ki, “Oracle”ın idarə heyəti Ellisona daha 7 milyon səhm opsionu verir.

2010-cu ilin iyulunda “The Wall Street” jurnalı Ellisonun son on ildə ən çox qazanan icraçı olduğunu və ümumilikdə 1.84 milyard dollar təzminat topladığını bildirib.

Şirkət ona belə yüksək məbləğdə maaş və təzminat ödəyir, lakin bəzi “Oracle” proqram mühəndisləri maaşlarının ümumilikdə aşağı olmasından şikayətlənirdilər.

Milyarderlik keçmişi…

2006-cı ildə “Forbes” onu ən zəngin kaliforniyalı olaraq sıralayır.

2019-cu ilin oktyabr ayından etibarən amerikalı maqnat “Forbes” tərəfindən ABŞ-ın dördüncü, dünyanın isə altıncı ən varlı adamı elan edilir. Onun 2018-ci ildə 54,5 milyard dollar olan sərvəti 2019-cu ildə 69.1 milyard dollara çatmışdı.

2010-cu ilin birinci rübündə (mart) “Forbes” milyarderlər siyahısında 28 milyard dollar dəyərində sərvəti ilə Ellisonu dünyanın altıncı, Amerikanın isə üçüncü ən varlı adamı elan edir.

2011-ci ilin sentyabrında “Forbes” milyarderlər siyahısında 36,5 milyard dollar sərvəti ilə Ellison dünyanın beşinci, Amerikanın isə üçüncü ən varlı adamı olaraq siyahıya alınır.

2012-ci ilin sentyabrında Ellison yenidən 44 milyard dollar sərvəti ilə Bill Qeyts və Varren Buffettdən sonra üçüncü ən zəngin Amerika vətəndaşı olaraq “Forbes” milyarderləri siyahısına salınıb.

2014-cü ildə Larri Ellison dünyanın ən varlı insanları siyahısında beşinci yeri tutur.

2015-ci ilin sentyabrında onun xalis sərvəti 47,5 milyard dollar olur.

2016-cı ilin oktyabrında onun sərvəti 49,3 milyard dollara çatır.

2017-ci ilin oktyabrında 59 milyard dollar sərvəti olan Ellisonu elə həmin il “Forbes” texnoloji baxımından dördüncü varlı adam olduğunu açıqlayıb.

2018-ci ilin iyun ayında Ellisonun sərvəti təxminən 54,5 milyard dollar olub.

2013-cü ildə 94,6 milyon dollar qazanıb.

2020-ci ilin iyununda 66,8 milyard dollar sərvəti olan Ellison dünyanın ən zəngin yeddinci adamı olur.

2021-ci ilin aprelin 9-na olan məlumata görə, Larri Ellisonun sərvətinin xalis dəyəri 89.1 milyard ABŞ dollarıdır.

Pay sahibi olduğu şirkətlər

Larri Ellison “Oracle Corporation”da 36 faiz paya sahibdir.

O, eyni zamanda “Salesforce.com”, “NetSuite”, “Quark Biotechnology Inc.” və “Astex Pharmaceuticals” kimi şirkətlərdə də paya sahibdir.

2018-ci ilin əvvəlində 3 milyon səhm satın alan Ellison həmin ilin dekabrında “Tesla.Inc” şirkətinin idarə heyətində direktoru olur.

2019-cu il dekabrından Ellison “Oracle Corporation” səhmlərinin 36,2% -nə, “Tesla”nın isə 1,7% -nə sahib olur.

Ailəsi…

(Rəsmi nikahda olduğu xanımları)

Ellison dörd dəfə evlənib boşanır. O, 1967-1974-cü illərdə Adda Quinn ilə evli olub.

1977-1978-ci illərdə Nancy Veeler Jenkinslə evli olur. Ellison Jenkinslə “Software Development Laboratories”i qurmadan altı ay əvvəl evlənib. 1978-ci ildə cütlük boşananda Veeler 500 dollar qarşılığında ərinin şirkətinə qarşı iddia irəli sürməkdən imtina edir.

1983-1986-cı illərdə Barbara Boothe ilə evli olub. Üçüncü evlilikdən onun Meqan Ellison adlı bir qızı, David Ellison adlı bir oğlu olur. Övladlarının hər ikisi film istehsalçısıdır, şəxsi şirkətləri var.

2003-2010-cu illərdə roman yazarı Melanie Craftla evli olub. Ellisonun dostu, “Apple Inc”in keçmiş icraçı direktoru və həmtəsisçisi Stiv Pol Cobs toyun rəsmi fotoqrafçısı olub.

Həddindən artıq zənginlik ona beynəlxalq, reaktiv bir oyunçu kimi şöhrət qazandırır. Sonralar o, model və aktrisa Nikita Kahnla sevgili olur.

(Qızı Meqan Ellison, oğlu David Ellison)

(Sevgilisi Nikita Kahn)

Məşğuliyyəti

(Rising Sun)

Proqram imperiyasını gücləndirməklə məşğul olmadığı zaman Ellison yaxta yarışlarına qatılır. Onun hobbiləri arasında mütaliəyə etmək və peşəkar tennis turnirlərinə qatılmaq da var.

Onun “Rising Sun” adlı yaxtasının uzunluğu 138 metrdən (452 fut) çoxdur. 2004-cü ildə (Lürssen) alman gəmiqayırma zavodu tərəfindən inşa edilən gəminin 200 milyon dollara başa gəldiyi bildirilir.

Yaxtanın idman salonu, basketbol meydançası, şərab anbarı və kinoteatrı olmaqla ümumilikdə 82 otağı var.

Ellison yelkənli komandası 2003-cü ildə Amerika Kuboku uğrunda “Oracle Team USA” olaraq yarışa qatılır. 2010-cu ildə “BMW Oracle Racing” rolunda çıxış edən komanda Amerika Kubokunu qazanır. Qələbə kuboku son 15 ildə ilk dəfə ABŞ-a gətirilirdi. Komanda 2013-cü ildə də qələbəni təkrarlayır.

(BMW Oracle Racing komandası)

Avtomobilləri

Ellison “Audi R8”, “McLaren F1” də daxil olmaqla bir çox ekzotik avtomobilə sahibdir. Ən çox sevdiyi “Acura NSX” dəyəri 55 milyon dollardır. Onun sahibi olduğu “Lexus LFA”ın dəyəri 445 min dollardır.

Ellison bir neçə təyyarəyə sahib olan lisenziyalı pilotdur. Onun ən azı iki – “SIAI-Marchetti S.211” və “MiG-29” markalı hərbi təyyarəsi var.

Sahib olduğu “Citation X” orta biznes təyyarəsinin dəyəri 22 milyon dollardır, “Gulfstream V” xüsusi lüks təyyarəsinin dəyəri isə 59 milyon dollardır.

Mülkləri

Maqnat 2004-2005-ci illərdə Kaliforniyanın Malibu şəhərində dəyəri 180 milyon dollardan çox olan 12-dən çox mülk satın alır.

Larri 2009-cu ildə ABŞ-ın Kaliforniya ştatında “Indian Wells Tennis Garden” tennis stadionunu alır. Dəyəri 77 milyon dollar olan stadionun 2014-cü ildə genişləndirilməsinə əlavə 11 milyon dollar xərclənilib. Stadion tamaşaçı tutumuna görə dünyanın ikinci ən böyük tennis kortudur.

2010-cu ildə Ellison əvvəllər ABŞ-da Astor ailəsinin yazlıq evi olan “Astor’s Beechwood Mansion”u 10,5 milyon dollara alır.

2011-ci ildə Kaliforniyanın Ranço Miraqe şəhərindəki 249 hektarlıq “Porcupine Creek Estate” özəl qolf sahəsini 42.9 milyon dollara satın alıb.

İş adamı 3000-dən çox əhalisi olan və ABŞ-ın 41-ci ən böyük adası kimi bilinən Havayın Lanai adasının 98 faizinə də sahibidir.

Ellisonun 2013-cü ildə ABŞ-ın Silikon Vadisində 16-cı əsrə aid yapon imperatorunun sarayından nümunə götürülüb tikilən “Voodside” köşkü təxminən 70 milyon dollar dəyərindədir. Yapon memarlığı üslubunda tikilmiş köşk 45 hektarlıq ərazini əhatə edir. Mülkün dizaynı və inşası 9 ilə tamamlanıb. Mülk iki otaqlı qonaq evi, üç kottec, idman salonuna çevrilmiş anbar, süni göl və iki şəlalədən ibarətdir.

Ellison 2020-ci ilin dekabrında Kaliforniyadan ayrılıb Havaya köçür.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org