Tələbənin saxlandığı bildirilir

SAVASH.ORGsavash.org


Fevralın 1-də Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədlinin Lənkəran Dövlət Universitetinin qarşısında təşkilatın bəyanatını səsləndirməyə gedərkən saxlanıldığı deyilir. Bu barədə Azadlıq Radiosuna təşkilatdan məlumat verilib. Məlumata görə, Əhməd Məmmədlini Lənkəran Dövlət Universitetindən əraziyə çağırılan polis əməkdaşları aparıblar. Təşkilatdan o da bildirilib ki, bəyanat tələbələrin hüquqların pozulması ilə bağlı olub: “Yanvar ayı ərzindəki imtahan sessiyası boyunca bütün ölkə universitetlərinin tələbələrinin illik ödənişlə bağlı problemləri yaşanıb. Tələbələrin ən çətin və ədalətsiz şərtlər altında imtahan verdiyi universitetlərdən biri Lənkəran Dövlət Universiteti idi”. “İllik ödənişləri tamamlaya bilməyən tələbələrin imtahana buraxılmayacağı bildirilib” Qurum iddia edir ki, imtahan ayı başlayan kimi müəyyən çətinliklər səbəbindən illik ödənişləri tamamlaya bilməyən tələbələrin imtahana buraxılmayacağı bildirilib: “İmtahan sessiyasının gedişatında tələbələrin qiymətlərinin saxtakarlıqla kəsilməsi isə, xüsusi narazılığa səbəb oldu. Bu narazılığı onların adından çatdıran Tələbə Güc Mərkəzinə universitet rəhbərliyi tərəfindən “sizə hesabat vermək məcburiyyətində deyilik, necə edəcəyimizi özümüz bilərik” deyə sərt bir cavab gəldi”. Təşkilat üzvlərinin sözlərinə görə, Tələbə Güc Mərkəzi, Lənkəran Dövlət Universitetinin tələbələri ilə həmrəylik nümayiş etdirmək üçün fevralın 1-də universitet qarşısında öz bəyanatını səsləndirmək qərarına gəlib. “Turan” İnformasiya Agentliyinin xəbərinə görə, isə Lənkəran Dövlət Universitetindən bildirilib ki, imtahan sessiyası müddətində hər fənn üzrə tələbələrin kollokvium və imtahan yazılarını bir neçə mütəxəssis yoxlayır, nəticələr elan olunur: “Nəticəsindən narazı olan tələbələrin şikayətlərinin araşdırılması üçün Universitetinin Apellyasiya Komissiyası yaradılıb. Universitet rəhbərliyi komissiyanın fəaliyyətini daim nəzarətdə saxlayır”.    Şikayət araşdırılır Universitetdən habelə qeyd edilib ki, yanvarın 28-də iki tələbə “Əski əlifba” fənni üzrə kollokvium nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət edib: “Hazırda onların şikayəti araşdırılır və nəticələr barədə onlara məlumat veriləcək”. Amma Əhməd Məmmədlinin saxlanması və ödənişlə bağlı problemin yaranmasına dair deyilənlərə isə unversitetden hər hansı cavab almaq mümkün olmayıb. Daxili İşlər Nazirliyindən isə agentliyə bildirilib ki, bu məsələ ilə bağlı məlumat veriləcək.  Azərbaycandakı tələbələrin təqribən yarısının ödənişli əsaslarla təhsil aldığı bildirilir.
24saat.org
Mənbə – azadliq.org