‘Rusiya bu variantını nəzərdən keçirir’

SAVASH.ORGsavash.org


Rusiyanın prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasının mümkünlüyünü istisna etməyib. Dekabrın 17-də V.Putin keçirilən ənənəvi illik mətbuat konfransında bildirib ki, bu tərəflərin razılığı ilə mümkündür. Üçtərəfli bəyanata əsasən Laçın dəhlizində və Dağlıq Qarabağda 2 minədək Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycanda müxalifət, müstəqil dairələr Rusiya silahlı kontingentinin Qarabağa yerləşdirilməsini ölkənin suverenliyinə təhdid hesab edirlər. Belə olan halda, Rusiya sülhməramlı kontingentinin sayının artırılmasını istəyərsə Azərbaycanda buna reksiyalar necə ola bilər? “Sülhməramlıların artırılmasına ehtiyac yoxdur» Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə hesab edir ki, Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur. Deputatın “Turan” İnformasiya Agentliyinə bildirməsinə görə, Azərbaycan buna ehtiyac duymur: «Torpaqların böyük hissəsi işğaldan azad olunub, bu gün 10 noyabr sazişinində nəzərdə tutulmuş məsələlər ardıcıl şəkildə yerinə yetirilir və sülhməramlıların artırılmasına ehtiyac yoxdur». Amma parlament üzvü qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağ bölgəsində yerləşməsini Azərbaycan suverenliyinə təhdid kimi qəbul etmək doğru deyil: «Birincisi, Qarabağ ərazisində Rusiya silahlı qüvvələri deyil, Rusiya sülhməramlılarıdır. Sülhməramlıların vəzifəsi hansısa bir obyekti qorumaq və ya yaxud münaqişə tərəflərin arasında durmaqdır. Dünyada digər ölkələrin praktikasından fərqli olaraq Azərbaycanda sülhməramlıların konkret müddəti ( 5 il ) göstərilib. Bu müddət ərzində sülhməramlılar onların üzərinə düşən vəzifəni yerinə yetirəcəklər». A.Mirzəzadənin fikrincə, Rusiya sülhməramlıları artıq bir aydan çoxdur ki, Azərbaycan ərazisindədilər və bu Dağlıq Qarabağ probleminin birdəfəlik həllinə müsbət təsir göstərib: «Bu gün artıq Ermənistanın Azərbaycan torpaqlarına iddasına son qoyulur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin status məsələsi gündəlikdə yoxdur” Onun sözlərinə görə, bu ara bir neçə dəfə Ermənistanın təxribatının qarşısı məhz Rusiya sülhməramlıların qarışması nəticəsində alınıb: “Əgər Rusiya sülhməramlıları olmasaydı fikrimcə 10 noyabr sazişi təhlükə altında qalardı” A.Mirzəzadə hesab edir ki, eyni zamanda bunu tarazlayan qüvvə var: “ O da Türkiyə silahlı qüvvələrinin nümayəndələri və Monitorinq Mərkəzində Rusiya hərbçiləri ilə birlikdə fəaliyyət göstərmələridir. Bu, qüvvələrin tarazlaşmasına və problemin dörd ölkə arasında – Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya arasında həll edilməsinə şərait yaradır». “Onlar sazişin necə yerinə yetirildiyinə nəzarət edəcəklər» Deputat Türkiyə silahlı qüvvələri ilə də bağlı bunları deyib: «10 noyabr sazişi müzakirə olunanda variantlardan biri ondan ibarət idi ki, sülhməramlı postunda yanaşı Rusiya və Türkiyə nümayəndələri duracaq. Amma sonra belə qərara gəlindi ki, orada Rusiya nümayəndələri durur. Ayrı bir Monitorinq Mərkəzi yaradılır və orada Rusiya və Türkiyə hərbiçiləri olacaq (Azərbaycan rəsmilərinin bildirməsinə görə, bu Mərkəz Dağlıq Qarabağa bitşik, Ağdam rayonunda yerləşəcək). Türkiyə hərbçiləri postlarda durmayacaq. Onlar sazişin necə yerinə yetirildiyinə nəzarət edəcəklər». “Azərbaycan hakimiyyəti buna razı olmamalıdır” Politoloq Şahin Cəfərli də AzadlıqRadiosuna bildirib ki, Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur: «Çünki Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlıların cavabdehlik daşıdığı ərazi elə də böyük deyil. Üstəlik da bu ərazilərin çoxunda ümumiyyətlə erməni əhalisi yaşamır. Erməni əhalisi bu müharibə dövründə Ermənistana qaçmışdı və hal hazırda sülhməramlı əməliyyatı başladığı gündən bu yana onların Ermənistandan Dağlıq Qarabağa geri qaytarılması aparılır. Hamıya aydındır ki, erməni əhalisi əsasən Xankəndində məskunlaşmışdı. Amma Putinin bu açıqlamanı verməsi onu göstərir ki, Rusiya bu variantını nəzərdən keçirir. Azərbaycan hakimiyyəti buna razı olmamalıdır». “Hər halda Azərbaycan rəhbərliyi məcburiyyətdən buna razılıq verib” Ş.Cəfərli qeyd edir ki, Azərbaycan ərazisinə başqa bir dövlətin ordusunun bu cür daxil olması ölkənin suveren hüquqlarına o qədər də uyğun məsələ deyil: «Hər halda Azərbaycan rəhbərliyi məcburiyyətdən buna razılıq verib. İnanmıram ki, Rusiya ordusunun bura daxil olması Azərbaycan prezidentinin ürəyincə olan bir hadisə olsun. Amma reallıqlar budur. Rusiya bu bölgənin aparıcı dövlətidir və konkret Dağlıq Qarabağ münaqişəsinin tarixinə də nəzər salsaq hamıya aydın həqiqətdir ki, bu konflikti yaradan da, uzun müddət həllinə imkan verməyən də Rusiya olub. Düşünürəm ki, konkret 10 noyabr bəyanatının özündə də Azərbaycan suverenliyinə uyğun olmayan məqamlar var». “Rusiya bu məsələyə o qədər də xoş baxmır” Ekspert vurğulayıb ki, 10 noyabr imzalanmış sənədində sülhməramlı əməliyyatda yalnız Rusiyanın iştirakı əksini tapıb: «Türkiyənin iştirakı yalnız Mərkəzdə nəzərdə tutulub. Yəni atəşkəsə nəzarət edəcək mərkəz yaradılacaq və orada da Türkiyə və Rusiya zabitləri birgə işləyəcəklər və atəşkəs pozularsa ona qarşı tədbirlər görəcəklər. Sənəddə Türkiyə hərbi qüvvələrin Dağlıq Qarabağ ərazisinə daxil olması nəzərdə tutulmur. Amma əlbəttə ki, Azərbaycanla Türkiyə arasında ikitərəfli razılıqlar çərçivəsində Türkiyə hərbi kontingenti həmin ərazilərdə yerləşdirilə bilər.” Politoloqun fikrincə, siyasi baxımından Rusiya bu məsələyə o qədər də xoş baxmır: “ Amma hüquqi baxımından buna əngəl yoxdur. Bu çərçivədə də mina təmizləmə komandası artıq Azərbaycana gəlib. Amma Türkiyə ordusunun Rusiya sülhməramlı qüvvələrin cavabdehlik zonasına, məsələn Xankəndinə daxil olması mümkün deyil». Xatırlama Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və usiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.   Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
24saat.org
Mənbə – azadliq.org