Qan duruldan vasitələrin həkim nəzarəti olmadan qəbulu uşaqlıq qanamalarına gətirib çıxara bilər – Cərrah-ginekoloq Mahirə İsmayılova

SAVASH.ORGsavash.org

Pandemiya dövründə həkim nəzarəti olmadan, profilaktik məqsədlə qan durulducu vasitələrin qəbul edilməsi laxtalanma sistemində ciddi problemlərə səbəb ola, uşaqlıq qanamalarına gətirib çıxara bilər.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri, Əməkdar həkim, cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayılova və Anadolu Sağlıq Mərkəzinin ginekoloq-onkoloqu, həkim Murat Dedenin iştirakı ilə “Instagram” üzərindən baş tutan canlı yayımda M.İsmayılova bildirib.

 

Canlı yayımda anormal uşaqlıq qanamaları, uşaqlıq miyomaları və endometriozla bağlı problemlərdən bəhs edilib, izləyiciləri maraqlandıran suallar cavablandırılıb.

 

M.İsmayılova bildirib ki, statistikaya əsasən, ginekoloqa müraciət edənlərin 15-20 faizini anormal uşaqlıq qanamaları olan qadınlar təşkil edir. Bu qanamaların əsas səbəbləri arasında miyomalar və endometrioz xüsusi yer tutur. O, normal menustrasiya tsiklinin 21-35 gün arası dəyişdiyini, tsiklin 2-7 gün arası davam etdiyini və bu dövrdə olan qanamanın 30 ml-dən 80 ml-dək olmasının norma hesab edildiyini vurğulayıb.

 

Postmenopozal dövrdə baş verən qanamalardan danışan M.İsmayılova qeyd edib ki, bu dövrdə rast gəlinən qanamalar biopsiya edilməli və patologiyası müəyyən edilməlidir. Onun sözlərinə görə, postmonopozal dövrdə qanamaların ən çox yayılmış səbəbi uşaqlığın incəlməsi ilə bağlıdır. Bununla belə, 30 faiz hallarda bu qanamaların yumurtalıq və uşaqlıq xərçəngləri ilə əlaqəli olması da mümkündür.

 

M.İsmayılova miyomaların növlərindən bəhs edərək intramural və subseroz miyomalardan fərqli olaraq, submükoz miyomaların qanaxmaya səbəb olduğunu, 5 sm-dən böyük ölçüyə malik miyomaların əməliyyatla götürülməsinin məsləhət görüldüyünü qeyd edib. O, uşaqlığın saxlanılmasını istəyən və hamiləlik planlayan qadınlarda miyomanın embolizasyonu üsulunun böyük effektivliyə malik olduğunu deyib.

 

Anormal uşaqlıq qanamalarının səbəblərinin bir çox hallarda poliplərlə bağlı olduğunu deyən M.Dede bildirib ki, poliplər bəzən heç bir əlamətlə özünü büruzə vermir, yalnız müayinələr zamanı aşkar edilir: “Poliplərin bəzi hallarda xərçəngə çevrilmə riski olduğundan onların histereskopiya üsulu ilə kiçik bir kamera ilə uşaqlıq daxilinə girilərək xaric edilməsi məsləhət görülür”.

 

Həkimin bildirdiyinə görə, laxtalanma problemləri, spirallar, uşaqlığı qidalandıran damarlardakı genişlənmələr (varikosel) və s. səbəblərdən də uşaqlıq qanamaları baş verə bilər. O, həmçinin ovulyasiya dövründəki qanamalar, anovulyator tsikl və yumurtalıqların polikistozu xəstəliyinin yaranmasına səbəb olan amillərdən bəhs edib.

 

Endometrium patologiyasına aid olan qanamalara da diqqət çəkən professor bu tip qanamalarda xəstənin anemnezinə də əhəmiyyət verilməsinin vacibliyinə toxunub, yalnız bundan sonra doğru diaqnozun qoyula biləcəyini bildirib: “Morfoloji və funksional cəhətdən endometriuma bənzəyən toxumaların xoşxassəli patoloji artması olan endometrioz yumurtalıqlar, uşaqlıq boruları, uşaqlığın qalınlığı, sidik kisəsi, düz bağırsaq və digər uzaq orqanlarda yayılmağa başlayır. Adenomiozun (uşaqlıq cisminin endometriozu) əsas əlaməti ağrılı menstruasiyalardır. Bu zaman aybaşı qanaxması həddindən artıq çox olur və uzun müddət davam edir. Daimi qanaxmalar xroniki dəmir defisitli anemiyanın əmələ gəlməsinə gətirib çıxarır ki, bu da dəri və selikli qişaların avazıması, zəiflik, təngnəfəslik, saçların tökülməsi, distrofik dəyişikliklərlə özünü büruzə verir”.

 

M.Dede, həmçinin əsasən genetik amillərin rolu ilə yaranan miyomalardan söz açaraq onların əzələ təbəqəsindən qaynaqlanan xoşxassəli törəmələr olduğunu və bu qadınlarda əksər hallarda D vitamini əksikliyinə rast gəlindiyini vurğulayıb: “Miyomalar hamilə qalmağa mane ola bilməklə yanaşı, erkən doğuma da yol açır. Hamiləliyin ilk 12 həftəsində miyomaların ölçüsü demək olar ki, iki dəfə artır”.

 

Həkim miyomaların nadirən bədxassəli şişlərə çevrilməsi ehtimalının olduğunu söyləyib. O, miyomaların dərmanlarla müalicəsindən də danışıb. Bildirib ki, belə müalicə zamanı miyomaların ölçüsündə bəzən 60 faiz kiçilməyə nail olunsa da, bu dərmanların qaraciyərə mənfi təsirləri olduğu məlumdur.

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org