Peyvənd proqramının idarə olunmasına görə ÜST hər zaman Azərbaycanı nümunəvi ölkələrdən biri kimi göstərir

SAVASH.ORGsavash.org


Dünyanı cənginə almış COVID-19 bəlası insanların sağlamlığına və dünya iqtisadiyyatına mənfi təsirlərini göstərməkdə davam edir. Azərbaycan da pandemiyanın yaratdığı neqativ təsirlərdən kənarda qala bilməyib. Pandemiyanın davamlı və təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll etməsini nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyada bu xəstəliyə qarşı mübarizəni güclü təsiredici imkana malik vaksinlərlə aparmağı bəyan etmişdir. Yoluxucu xəstəliklərə qarşı mübarizə və profilaktikada tibbin əldə etdiyi ən böyük nailiyyətlərdən biri məhz vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start vermiş ölkədir.

Bunu AZƏRTAC-a “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva deyib.

Ekspert xatırladıb ki, Ümumdünya Sağlamlıq Günü münasibətilə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Prezident videomüraciətdə Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal səylərini xatırladaraq deyib: “Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.

Builki Ümumdünya Sağlamlıq Günün “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunduğunu xatırladan Prezident deyib ki, bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir: “Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.

Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.

Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam”.

Peyvənd proqramının idarə olunmasına görə Ümumdünya Səhiyyə Təşkilatı hər zaman Azərbaycanı nümunəvi ölkələrdən biri kimi göstərir. ÜST-ün Baş direktoru “Twitter” hesabında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə COVID-19 pandemiyası ilə mübarizədəki maliyyə yardımına, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə təşəkkürünü bildirib.

Azərbaycanda COVID-19 əleyhinə Vaksinasiya Strategiyası hazırlanarkən peyvəndlərin əldə olunmasında yarana biləcək maneələr nəzərə alınaraq önləyici tədbirlər görülmüşdür. Peyvəndlərin satın alınmasını həm multiplatforma – COVAX təsisatı, həm də ikitərəfli müqavilələr çərçivəsində həyata keçirmək qərara alınmışdı. Baxmayaraq ki, Azərbaycan koronavirus əleyhinə peyvəndin ədalətli bölgüsünü təmin etmək məqsədilə yaradılmış COVAX təsisatına ilk qoşulan və dəstək verən ölkələrdən biri olmuşdu, buna rəğmən COVAX razılaşmanı pozaraq Azərbaycana peyvəndlərin təqdim olunmasını gecikdirmişdir. Nəticədə, multiplatforma çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84000 doza COVID-19 vaksinin ilk partiyası ölkəmizə aprelin 4-də gətirildi. Halbuki, Azərbaycanda peyvəndləmə prosesinə artıq yanvarın 18-dən start verilib. Bu prosesə ikitərəfli müqavilələr çərçivəsində əldə olunmuş razılaşmaya görə Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini ilə ölkəmizin təmin olunması hesabına başlanılıb. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı artıq 1 milyon 25 min 790-dır. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 639 min 463, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 386 min 327 nəfər təşkil edir.

Peyvəndləmədən sonra təxminən 70-80 faiz halda yoluxmadan qorunmuş hesab olunuruq. Koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulduqdan bir müddət sonra orqanizmdə yaranan immunitet insanları gələcəkdə koronavirusa yoluxduğu halda yarana biləcək ağırlaşmalardan və letal sonluqdan qoruyacaq. Peyvənd edilmək yoluxma baş verdikdə xəstəliyin yüngül keçirilməsi deməkdir. Ona görə peyvənd olunanlar belə həm özlərinin, həm də ətrafdakıların sağlamlığı naminə qorunma tədbirlərini – “üç qızıl qayda”nı gözləməyi pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər.

Dünya səhiyyə sistemində kovidlə mübarizədə artıq 2-ci nəsil peyvəndlərin – intranazal (sprey) peyvəndin hazırlanması istiqamətində tədqiqatlar aparılır. COVID-19-a qarşı hazırlanan və standart vaksinlərdən fərqli olaraq burun yolu vasitəsilə tətbiq olunacaq sprey peyvəndin infeksiyanın bədənə daxilolma yollarını izlədiyi üçün digər vaksinlərlə müqayisədə daha təsirli olacağı gözlənilir.

Gözə görünməyən virusla mübarizədə peyvəndləmə prosesində aktiv iştirak edərək “kollektiv immunitet” yaratmaq, xəstəliyin artım tempini əhəmiyyətli dərəcədə aşağı salmaq mümkündür. Əgər həkim tərəfindən heç bir əks göstəriş yoxdursa, tərəddüd etmədən peyvənd olunmaq lazımdır.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org