Pentaqon Talibanın öhdəliklərinə əməl etmədiyini deyir

SAVASH.ORGsavash.org


  Taliban silahlı qruplaşması ötən il Birləşmiş Ştatlarla əldə olunmuş əfqan sülh sazişinin öhdəliklərinə əməl etmir. Belə bir bəyanatla Pentaqon çıxış edib. “Taliban zorakılığı azaltmaq, Al-Qaeda ilə əlaqələrini kəsməklə bağlı öhdəliklərini yerinə yetirmir”, – Pentaqonun sözçüsü Con Kirbi yanvarın 28-də jurnalistlərə deyib. “Onlar Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə zorakı hücumları dayandırmasalar, terrorçuluqdan əl çəkməsələr… danışıqlar yoluyla həllə doğru spesifik yol görünmür, amma biz yenə də buna sadiqik”, – Kirbi vurğulayıb. ABŞ və Talibanın ötən fevralda əldə etdiyi razılaşmaya görə, 2021-ci ilin mayınadək bütün xarici qüvvələr Əfqanıstandan çıxmalıdırlar. Amma bundan ötrü silahlı qruplaşma təhlükəsizlik təminatı verməli, Al-Qaeda ilə əlaqələrini kəsməlidir. Razılaşma Taliban üzərinə ABŞ qüvvələrinə hücumları dayandırmaq, ölkədə zorakılığı azaltmaq, Kabil hökuməti ilə sülh danışıqlarında irəliləyişə nail olmaq öhdəliyi qoyur. Əfqanıstan hökuməti ilə Taliban arasında payızda Qətərdə birbaşa danışıqlar başlanıb. Amma eyni zamanda ölkədə zorakılıq artır, silahlı qruplaşmanı atəşkəsə əməl etmək çağırışları səslənir.
24saat.org
Mənbə – azadliq.org