Paşinyan Syunikə gedib

SAVASH.ORGsavash.org


    Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 21-də səhər Syunikə yola düşüb. Burada o, Azərbaycanla sərhədlərin demarkasiyası ilə bağlı yerli sakinlərlə müzakirə aparacaq. AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidmətinin yazmasına görə, son günlər Syunikdə Azərbaycanla sərhədin demarkasiyası ölkədə ən ağrılı məsələlərdən birinə çevrilib. Bir sıra kənd təsərrüfatı yerlərinin və yaşayış məskənləri yaxınlığındakı yüksəkliklərin Azərbaycanın ərazisində qaldığı bildirilir. 21 kilometrlik Gorus-Qafan yolunun bəzi hissələrinin də “mübahisəli ərazidə” qaldığı söylənir. Yeni çəkilən sərhədə Rusiya sərhədçiləri yerləşdirilir. Ermənistan Müdafiə Nazirliyinin dekabrın 19-da bildirməsinə görə, Gorus-Qafan yolunda təhlükəsizliyi Rusiya sərhədçiləri təmin edəcək.     “Yaralara duz səpmək deyil…” Nikol Paşinyan Syunikə gedərkən Facebook-da canlı yayıma çıxaraq deyib ki, yerli sakinlərlə açıq danışmaq üçün vilayətə gedir. “Yaralara duz səpmək deyil, sizin sualları cavablandırmaq istəyirəm. Əmin edirəm ki, syuniklilərlə göz-gözə danışacağam. Sizin qarşınızda öhdəliklərini tam yerinə yetirmişəm və yetirirəm”, – Paşinyan vurğulayıb. Onun sözlərinə görə, bu gün ölkədə asan olmayan vəziyyət yaranıb və biz “onu birlikdə yoluna qoymalıyıq”. Baş nazir bir daha qeyd edib ki, “Syunikin ərazisindən bircə millimetr də verilməyəcək”. Ümidvar olduğunu bildirib ki, bunu vətəndaşlarla ünsiyyətdə sübut edə biləcək. Syunikdə isə Paşinyana qarşı etirazlar gözlənir. Yaranan vəziyyətə görə baş nazirin məsuliyyət daşıdığını düşünən, onun istefasımı tələb edənlər rayona girişdə aksiya təşkil edib, hökumət başçısının səfərini əngəlləmək istəyiblər. Bundan öncə Gorusun meri Aruş Aruşanyan vətəndaşları etiraz aksiyalarına, baş nazirin səfərinə maneə yaratmağa çağırıb. Dekabrın 21-də səhər merin polis tərəfindən saxlandığı bəlli olub.     Xatırlatma Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Atəşkə bəyanatı açıqlanadan sonra Ermənistanda etirazlar başlanıb, müxalifət Paşinyanın istefasını, yeni seçki keçirilməsini tələb edir.
24saat.org
Mənbə – azadliq.org