Nazir BMT baş katibinə məktub göndərib

SAVASH.ORGsavash.org


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Bu barədə yanvarın 8-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda qeyd edilir ki, məktub Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyi pozmasından bəhs edir .   “Ermənistan vətəndaşları olan 62 nəfər saxlanıb” Bildirildiyinə görə, məktubda Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti apardığı qeyd olunub: “Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir.” Məktubda yazılıb ki, birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Azərbaycan ərazilərində diversiya-təxribat fəaliyyəti Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasıdır: “Məktubda Ermənistanın Azərbaycan ərazilərində bu kimi sabitliyin pozulmasına yönələn fəaliyyətdən çəkindirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi müraciəti əks olunur. Həmçinin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasını vəd edən birgə bəyanatın icrasının dəstəkləməsində BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin mühüm rolu vurğulanır”.   Xatırlatma 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.  44 günlük bu müharibə və sonrakı razılşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. 10 noyabr sazişindən sonra da bölgədə bir neçə dəfə atəşkəsin pozulduğu, itkilərin olduğu bildirilib. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 
24saat.org
Mənbə – azadliq.org