Müdafiə Nazirliyi cəbhədə təxribat törədildiyini bildirir

SAVASH.ORGsavash.org


Azərbaycan Müdafiə Nazirliyi bu gün, dekabrın 12-də cəbhədə atəşkəsin pozulması ilə bağlı məlumat yayıb. “Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətmişdir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülmüşdür.” Nazirliyin saat təqribən 20 radələrində yaydığı məlumatda habelə qeyd edilib ki, hal-hazırda atəşkəs rejiminə riayət olunur. Ermənistan baş nazirinin mətbuat katibi isə özünün facebook səhifəsində cənub istiqamətində Azərbaycan əsgərləininin erməni əsgərlərin olduğu posta hücum etdiyini yazır.  Daha sonra bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının məlumatlandırldığını əlavə edir.   Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
24saat.org
Mənbə – azadliq.org