Minlərlə hərbi qulluqçuya ordenlər verilib

SAVASH.ORGsavash.org


Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub. Bu ada Azərbaycan Silahlı Qüvvələrinin 3601 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 4 general-mayor, 46 polkovnik və başqaları var. Onlardan 2756-sı ölümündən sonra bu medala layiq görülüb.   “Azərbaycan Bayrağı” Dekabrın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” sərəncam da imzalayıb. Bu dəfə fərqlənən hərbi qulluqçular “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Silahlı Qüvvələrin 288 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunub. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir. Bundan başqa, 105 hərbçi 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Onlardan 15-i ölümündən sonra bu ordenə layiq görülüb. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir. Həmçinin 3 general-leytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərilə təltif olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülüb. Prezident dekabrın 9-da imzaladığı sərəncamlarla isə bir sıra hərbi qulluqçulara Azərbaycan Milli Qəhrəmanı, Vətən Mühribəsi Qəhrəmanı adları və başqa ordenlər vermişdi. Azərbaycan Müdafiə Nazirliyi dekabrın 3-də bildirmişdi ki, 44 günlük müharibədə (İkinci Qarabağ Müharibəsində) bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib. Həmin müharibədə 100-ə yaxın mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanıb. Son günlərdə cəbhədə atəşkəsin pozulması nəticəsində də Azərbaycanın hərbi qulluqçuları arasında əlavə ölənlərin və yaralananların olduğu bildirilib.   Xatırlama Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
24saat.org
Mənbə – azadliq.org