Məhkəmə Mustafa Hacıbəylinin şikayətini təmin etməyib

SAVASH.ORGsavash.org


Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi Müsavat Partiyası mətbuat xidmətinin və “basta. info” saytının rəhbəri Mustafa Hacıbəylinin Binəqədi Rayon Prokurorluğundan şikayətini təmin etməyib. Məhkəmə qərarını fevralın 5-də açıqlayıb. Bu barədə Azadlıq Radiosuna Mustafa Hacıbəyli özü məlumat verib: “2020-ci il fevrlaın 11-də məruz qaldığım zorakılıqla bağlı cinayət işi qaldırılması üçün Binəqədi Rayon Prokurorluğuna müraciət etdim. Rayon prokurorluğu isə cinayət işi qaldırmaq üçün əsas olmadığını bidirdi. İki ay olar ki, bu hala qiymət vermək üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişəm”. Onun deməsinə görə, bundan əvvəl yanvarın 28-də keçirilən prosesdən vəkili Nemət Kərimli istəmədən kənarda saxlanıb, həmin hal fevrlaın 5-də də təkrar olunub. M.Hacıbəyli deyib ki, araşdırma üçün məhkəməyə təqdim etdikləri videolara baxılmasından belə imtina edilib. O, əlavə edib ki, prosesi davam etdirir və Apelyasiya şikayəti vermək niyyətindədir. Bu açıqlamaya, hələlik, Binəqədi rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Xatırlatma Ötən ilin fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) Bakıdakı binası qarşısında növbədənkənar parlament seçkilərində namizəd olan bəzi şəxslərin və onların müşahidəçilərinin oturaq aksiyası keçirilib. Polis aksiyanın davam etməsinə imkan verməyib, bunu onun şəhər rəhbərliyi ilə razılaşdırılmadığı ilə izah edib. Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli aksiya zamanı saxlanmışdı. Hacıbəylidən bir neçə saat xəbər olmasa da, sonradan o, sərbəst buraxılmışdı. Azərbaycanda ötən il fevralın 9 -da parlament seçkiləri keçirilib. Bəzi namizədlər və bir sıra müxalifət partiyaları seçkilərin total şəkildə saxtalaşdırıldığını bildirərək, onun nəticələrini tanımadıqlarını deyiblər. Beynəlxalq müşahidə missiyasının hesabatında da həmin seçkilərlə bağlı bir çox tənqidi qeydlər yer alıb. Amma istər MSK, istərsə də hakimiyyət rəsmiləri bəyan etdilər ki, seçkilərdə əksər dairələrdə xalqın iradəsi həyata keçirilib.MSK yalnız 4 dairədə pozuntuların olduğunu qəbul edərək, həmin dairələrdə seçkinin təticələrini ləğv etdi.
24saat.org
Mənbə – azadliq.org