“İsgəndər M” beynəlxalq mətbuatın da gündəmində: Raket Şuşaya necə atılıb?

SAVASH.ORGsavash.org


Bir neçə gündür, Azərbaycanda, Ermənistanda və Rusiyada ekspertlər tərəfindən ən çox müzakirə edilən mövzulardan biri “İsgəndər” raketləri ilə bağlıdır.

Həftənin çərşənbə günü Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Şuşada “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat verib, raketin qalıqları nümayiş etdirib. ANAMA-nın rəsmisi bildirib ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Qeyd olunub ki, Şuşada tapılan “İsgəndər M” Operativ Taktiki Raket Kompleksindən (OTRK) atılmış raketin qalıqlarıdır.

Xatırlatmaq yerinə düşər ki, həm Ermənistan, həm də Rusiyanın rəsmi məlumatlarında bir neçə il əvvəl erməni ordusuna “İsgəndər E” raketlərinin satıldığı əksini tapıb. Şuşada “İsgəndər”in M tipli növünün tapılması isə ortaya yeni suallar qoyur. Raketlərin Rusiya tərəfindən Ermənistana gizli yolla satılması və ya hansısa yolla İkinci Qarabağ müharibəsində istifadə edilməsi kifayət qədər ciddi məsələdir. Çünki kifayət qədər ağır silah növü sayılan və satılmasına icazə verilməyən, hədəfi vurma məsafəsi 500 km-ə qədər olan “İsgəndər M” raketləri tam gücü ilə partlasaydı, müharibənin aparıldığı kiçik ərazidə ciddi fəlakətə səbəb ola bilərdi. Beləliklə, Şuşada aşkar edilən və partlamayan “İsgəndər” raketinin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadəsində olan “M” modifikasiyasına aid olması mövzunu daha da aktuallaşdırır.

Bütün bunları nəzərə alaraq, “İsgəndər M” raketlərinin Ermənistana verilməsi və ya bu raketlərin hansısa yolla Şuşaya atılması məsələsi Azərbaycan ictimaiyyətinin haqlı narahatlığına səbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsində İrəvanın “İsgəndər” OTRK-dan istifadə etdiyini, lakin atılan raketlərin “partlamadığını, ya da 10 faiz partladığını” demişdi.

Müharibə bitdikdən bir neçə gün sonra – 19 noyabr tarixli mətbuat konfransında müharibə zamanı Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri olmuş keçmiş Baş Qərargah rəisi Movses Akopyan “İsgəndər”in istifadəsi ilə bağlı sualı cavablandırarkən demişdi: “Atıldığını bilirəm, amma haraya atıldığı deməyəcəm”.

Fevralın 17-də isə keçmiş prezident Serj Sarkisyan adı çəkilən raketin müharibənin son dövründə Şuşa istiqamətində istifadə edildiyi barədə etibarlı məlumatlara malik olduğunu bildirərək, “İsgəndər”in atıldığını açıqlamışdı.

Azərbaycan tərəfinin “İsgəndər” raketlərini nümayiş etdirməsindən sonra reallıq qarşısında qalan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və həmin vaxt Müdafiə naziri olmuş David Babayan raketlərin atıldığını faktiki olaraq təsdiq etsələr də, Şuşa şəhərinə “İsgəndər” raketinin atılması barədə erməni jurnalistlərinin sualını şərh etməyərək, bunun sirr olduğunu qeyd ediblər.

Son 5 ayda Paşinyan və komandası İsgəndər raketlərindən istifadə edildiyini, lakin partlamadığını qeyd etsələr də, Rusiya tərəfi bu məsələni indiyə qədər inkar etməkdədir. Bu yaxınlarda Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirmişdi ki, İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan bir “İsgəndər” raketindən belə istifadə etməyib. Bütün döyüş sursatları anbarlardadır. Martın 31 və aprelin 2 – si ANAMA tərəfindən Şuşaya atılan raketlər nümayiş olunsalar da, Rusiya tərəfi hələ də hadisəni təzkib edir. Kremlin mətbuat katibi Dmitriy Peskov İsgəndərlərin müharibədə istifadə edilmədiyini qeyd edib.

Qeyd etmək yerinə düşər ki, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulması dövründə Ermənistan bu kimi silahları pulsuz əldə edərək hərbi-siyasi baxımdan özünü “güclü” hiss edirdi və ölkəmizə qarşı aqressiv ritorikanı gücləndirirdi.

Hər halda, “İsgəndər” raketləri məsələsi bir daha sübut etdi ki, Ermənistan dövləti bu müharibədə uduzduğunu bilə-bilə Azərbaycan xalqına qarşı hərbi cinayət törətməkdə israrlı olmuşdur.

Bir fakta da diqqəti çəkək ki, müharibə bitəndən bir qədər sonra Britaniya nəşri “Middle East Eye” sensasion yazı ilə çıxış edərək Ermənistanın Rusiya istehsalı olan ballistik “İsgəndər” OTRK-dan Bakını vurmaq üçün istifadə etdiyini, lakin raketin Bakı üzərində İsrailin “Barak-8” sistemi vasitəsilə vurulduğunu yazmışdı.

Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər M” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-inin də diqqətindən kənarda qalmayıb.

Böyük Britaniyanın “BBC News” telekanalı xəbərlə bağlı materialın sonunda qeyd edir ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs barədə Bəyanatın imzalanmasından bir neçə saat əvvəl sosial şəbəkələrdə yayılmış videoda erməni əsgərlərin raketi işəsalma fonunda şəkilləri, həmin qurğudan 41 saniyə fasilə ilə iki raketin uçması görünür. Jurnalist qeyd edib ki, “İsgəndər” Ermənistanın arsenalında bu cür tezliklə raketlər buraxa bilən yeganə sistemdir.

ABŞ-ın “Azadlıq” radiosu və Litvanın “Slaptai” xəbər saytı, Türkiyənin “Anadolu” agentliyi, Vaşinqtonda yerləşən “Jamestown” Qlobal Araşdırma və Analitika Fondunun saytı, o cümlədən “konflikty.pl”, “eurasiantimes.com”, “Caucasus Watch”, “pl.sputniknews.com” saytları, Türkiyənin “yenisafak.com”, “sabah.com”, “haber7.com” saytları, “Haber türk” telekanalı, “İstikrar” qəzeti, Gürcüstanın “interpress.ge”, “accentnews.ge”, “4news.ge”, “ghn.ge” və digər informasiya portallarında, 1tv.ge ictimai televiziya kanalında, Ukraynanın “dialog.ua” “İnterfaks-Ukrayna”, “mil.in.ua” saytları, İndoneziyanın “international.sindonews” saytı və digərləri 44 günlük müharibədə Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etdiyini auditoriyalarına təqdim ediblər.

Beynəlxalq KİV-in materiallarında “İsgəndər”dən istifadənin ciddi narahatlıq doğurduğu, məsələnin kifayət qədər həssas olduğu da əksini tapıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org