Erdoğan antihökumət etirazlarına yol verməyəcəyini deyir

SAVASH.ORGsavash.org


Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 3-də deyib ki, o ölkə universitetlərindən birində bir aydır davam edən nümayişin 2013-cü ildə olduğu kimi antihökumət etirazlarına çevrilməsinə imkan verməyəcək. Prezident etirazçıları “terrorçu” adlandırıb. Reuters agentliyi yazır ki, İstanbulun Boğaziçi Universitetində tələbələr və müəllimlər alim və keçmiş siyasətçi Melih Bulunun rektor təyin edilməsinə etiraz edirlər. Etirazçılar bildirirlər ki, təyinat qeyri-demokratik olub və rektor istefa verməlidir. Bu etiraz ölkənin başqa yerlərində də əks-səda verib. Bu həftə paytaxt Ankarada 69, İstanbulda isə 250 nəfər saxlanıb. Reuters yazır ki, bu, 2013-cü ildən bəri Türkiyədə ən böyük etirazdır. 2013-cü ildə Türkiyədə məşhur Gezi Parkı etirazları baş vermişdi.   “Gezi parkı” hadisələrinə bir daha yol verilməyəcək” Erdoğan hakim Ədalət və İnkişaf Partiyası üzvlərinin qarşısında son zamanlar baş verən etirazlar barədə deyib: “Bu ölkə terrorçuların iradəsinə tabe olmayacaq. Biz bunun qarşısını almaq üçün lazım olanı edəcəyik”. O etiraz edən gəncləri Türkiyənin milli-mənəvi dəyərlərinə hörmətsizlikdə ittiham edib və onları “terrorçu qrupların üzvləri” adlandırıb: “Siz tələbəsiniz, yoxsa rektorun kabinetinə hücum edən terrorçu? Bu ölkə bir vaxtlar Taksimdə baş vermiş Gezi hadisəsinin təkrarına imkan verməyəcək. Biz terrorçulara aman verməmişik və verməyəcəyik”. Bulu bundan əvvəl heç bir vəchlə istefa verməyəcəyini demişdi. Ana müxalifətin lidferi Kemal Kılıcdaroğlu da Bulunun istefasına çağırıb. Ankara meri Mansur Yavaş da Buluya öz vəzifəsini “elmdə sülh, gənclik və gələcək” naminə qurban verməyə çağıran açıq məktub yazıb.   LGBT bəhanədir Amma bir vaxtlar hakim partiyadan parlamentə namizədliyini vermiş Bulu HaberTürk kanalına deyib ki, bu böhran “altı ay ərzində həll olunacaq”. Lakin fevralın 2-də Boğaziçi Universitetinin yataqxana şəhərciyinə toplaşan müəllimlər arxalarını rektorun kabinetinə çevirərək “Melih Bulu istefa!” şüarını səsləndiriblər. Onların əllərində indiyədək saxlananların sayını göstərən “159” yazılmış plakatlar vardı. Bu arada tələbələr sosial mediada LGBT simvollarını və İslamın müqəddəs yerlərindən biri olan Kəbənin şəkillərini paylaşıblar. Daxili işlər naziri Süleyman Soylu bu paylaşımları kəskin pisləyib. Erdoğan deyib ki, o LGBT adında bir şey tanımır: “Bu ölkə millidir və mənəviyyatlıdır və gələcəyə də belə gedəcəkdir”. Boğaziçi Universitetindən ötən il məzun olmuş 23 yaşlı Furkan Doğramacı deyib ki, LGBT icmasına qarşı linç, etirazın əsl məramını gözdən salmaq üçündür. Başqa bir məzun, Eneş Gözüküçük bildirir ki, bu etiraz hökumətə yox, Bulunun təyinatına qarşıdır.
24saat.org
Mənbə – azadliq.org