Britaniya və Türkiyə ‘tarixi saziş’ imzaladılar

SAVASH.ORGsavash.org


Britaniya Türkiyə ilə azad ticarət barədə saziş imzlayıb. Dekabrın 29-da razılaşdırılmış sənəd Britaniyanın Avropa İttifaqı ilə blokdan ayrılmaq barədə sazişi əldə olunduqdan sonra Londonun bağladığı ilk belə müqavilədir. The Guardian yazır ki, əslində Ankara və London arasında bundan əvvəl də mövcud olan razılaşmanı davam etdirəcək sənəd iki ölkənin ticarət nazirləri tərəfindən videobağlantı vasitəsilə imzalanıb və yanvarın 1-dən qüvvəyə minəcək. Bu isə o deməkdir ki, Britaniya və Türkiyə arasında intensiv ticarət mübadiləsi kəsintiyə məruz qalmadan davam edəcək. 2019-cu ildə London və Ankara arasında 25 milyard dollarlıq mal mübadiləsi olub. Birləşmiş Krallıq Ankaranın böyüklüyünə görə ikinci ixracat bazarıdır. Türkiyə ixracatı əsasən qiymətli metallardan, avtomobillərdən, tekstil və elektrik avadanlığından ibarətdir. Türkiyə Avropa İttifaqının üzvü olmasa da, bu blokun gömrük ittifaqına daxildir. Məhz bu səbəbdən də London və Ankara arasında belə bir saziş Britaniya Avropa İttifaqını tərk etməzdən əvvəl imzalana bilməzdi. Britaniyanın beynəlxalq ticarət naziri Liz Tras deyib ki, imzalanmış sənəd Birləşmiş Krallıqda minlərlə biznes üçün qeyri-müəyyənliyi aradan qaldırır və sənaye sahəsində minlərlə iş yerinin qorunub saxlanmasını təmin edir.   “Tarixi saziş” Türkiyənin ticarət naziri Ruhsar Pekcan Britaniya-Türkiyə azad ticarət sazişini “tarixi” adlandırıb və deyib ki, bu saziş olmasaydı Türkiyədən Birləşmiş Krallığa ixrac edilən malların 75 faizinə rüsumlar tətbiq edilə bilərdi. Onun sözlərinə görə bu, Türkiyə üçün 2.4 milyard dollar itki demək olardı. The Guardian yazır ki, sazişin imzalanması Türkiyə lirəsi üçün də stimul olacaq. Bu sazişin imzalanmasından əvvəl lirənin məzənnəsi beş gündür ki, yüksəlişdə idi. Britaniya Beynəlxalq Ticarət Nazirliyinin məlumatında deyilir ki, yeni saziş Türkiyəyə dəzgah, dəmir və polad ixrac edən 7600 biznes üçün əlverişli rüsumları qüvvədə saxlayacaq. Bu da bildirilir ki, tərəflər qarşıdan gələn iki ildə əlverişli rüsum sisteminin xidmətlərə və kənd təsərrüfatı məhsullarına da şamil edilməsinə çalışacaqlar. The Guardian diqqəti belə bir məqama çəkir ki, son illərdə “daha davakar” xarici siyasət yürüdən Türkiyənin Avropa İttifaqı ilə münasibətləri mürəkkəbləşib. Avropa İttifaqı Türkiyə üzərinə sanksiyalar məsələsini tez-tez müzakirə etsə də, qətiyyətli addım atmayıb. Türkiyə ilə razılaşma Britaniyanın imzaladığı beşinci böyük ticarət sazişidir. London bundan əvvəl Yaponiya, Kanada, İsveçrə və Norveçlə müqavilələr imzalayıb.
24saat.org
Mənbə – azadliq.org