bölgənin “izqoy” dövləti kimi qalmaq, yoxsa…

SAVASH.ORGsavash.org

Məğlub ölkənin strateji seçimi ətrafında mübahisələr qızışır; erməni siyasətçi: “Bəlkə də Türkiyə ilə düşmənçilikdən xilas olmaq üçün şansımız yaranıb…”

Ermənistanın xarici siyasət oriyentasiyasına kardinal dəyişikliklə bağlı fikir ayrılığı özünü getdikcə daha qabarıq büruzə verməkdədir. Şübhə yox ki, 20 iyun parlament seçkiləri yaxınlaşdıqca bu istiqamətdə ideoloji-siyasi dartışmalar daha da güclənəcək. Çünki müharibədən rüsvayçı məğlubiyyətlə, iflasla etmiş şəkildə çıxan ölkənin gələcəyi indi xeyli dərəcədə bu məsələnin necə həll ediləcəyindən asılıdır.

Söhbət ən əvvəl bundan sonra da Rusiyanın vassalı kimi qalmaq, yoxsa qonşu Türkiyə və Azərbaycanla əlaqələri qaydaya salmaq hesabına heç olmasa suverenliyin müəyyən atributlarını qazanmaqdan gedir. Bunu Qərb (ABŞ) və Avropa Birliyi də istəyir. Çünki yalnız bu yolla Ermənistanın Rusiya orbitindən uzaqlaşması mümkün görünür. Əks halda, aydın məsələdir ki, Ermənistan Rusiyanın regiondakı marioneti qismində qaldıqca Qərb ona ciddi maliyyə yardımı etməyəcək, böyük sərmayələr yatırmayacaq.

*****

Ermənistanda bu reallığı başa düşənlərin sayı tədricən artmaqdadır. Bu xüsusda iyunun 20-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində əsas mübarizə yəqin ki, aşağıdakı iki tərəf arasında gedəcək: ölkənin Türkiyə və Azərbaycanla barışıq yolunun və qurucu inkişafın tərəfdarları olanlar və Rusiya boyunduruğunda qalmağa davam edib təhlükəli revanşist planlar quranlar – Ermənistana yeni müharibəyə sürükləyən faşist təmayüllü qüvvələr.

 Paşinyan:

“Yeni Müsavat” xatırladır ki, az öncə Ermənistanın baş naziri Nikol Paşinyan bölgə sakinləri ilə görüşü zamanı demişdi ki, Ermənistan öz ətrafında əlverişli atmosferin yaradılması üçün regiona baxışını dəyişməlidir. Ondan bir neçə gün sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibədə aparıcının “Türkiyənin Ermənistan üçün düşmən dövlət olub-olmadığı” barədə sualını cavablandırarkən “yanaşmalarımıza bəzi düzəlişlər etməliyik” söyləmişdi, suala faktiki inkari cavab vermişdi. Ardınca oxşar fikir xarici işlər naziri Ara Ayvazyanın dilindən səslənmişdi.

Bütün bu gəlişmələr isə ölkədəki radikal çevrələri, ələlxüsus erməni lobbisinə bağlı daşnakları olduqca hiddətləndirmiş, İrəvanda hətta Türkiyə bayrağı yandırılmışdı. Lakin tədricən daha çox sayda sadə erməni anlayır ki, sərhədlərin açılması və Türkiyə və Azərbaycanla barışığın əldə olunması yalnız Qərbin, ABŞ-ın və ya Avropa Birliyinin güddüyü hədəf, yaxud bir anti-Rusiya projesi deyil. Bu, öncəliklə dərin böhran içində olan, 44 günlük savaşdan sonra tam iflas həddinə gəlmiş Ermənistana, onun yoxsul əhalisinə lazımdır.

*****

Əfsus ki, bu gerçəyi məğlub ölkədə anlayıb publik şəkildə dilə gətirən siyasilər və rəsmilər hələlik çoxluqda deyil. Daha doğrusu, bir çoxu erməni xalqına yalnız bəlalar bəxş eləmiş radikal-revanşist qüvvələrdən, özəlliklə zəngin erməni lobbisindən ehtiyat edərək, bunu açıq bəyan edə bilmir.

“Bəlkə də Türkiyə ilə düşmənçilikdən xilas olmaq üçün bizim şansımız yaranıb. Bu, məsələn, praqmatik ortaq maraqlar ətrafında minimal söhbətdən ibarət ola bilər”.

 MP

Lena Nazaryan 

Bu sözləri ötən həftə sonu Ermənistan parlamentinin vitse-spikeri, baş nazir Nikol Paşinyanın komandasından olan Lena Nazaryan bildirib.

Onun sözlərinə görə, parlamentə düşmək istəyən bütün siyasi qüvvələr mütləq surətdə seçkiqabağı Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı məsələləri qaldırmalı, bu barədə nə düşündüklərini bəyan etməlidir. “Əslində bu, konstruktivliyin təzahürü olacaq. Konstruktiv olmağımıza nə mane olur?”, – deyə vitse-spiker vurğulayıb və əlavə edib ki, Ermənistanın Türkiyə ilə münasibətlərdə praqmatik və çevik bir yanaşma formalaşdırmalı olduğuna dair xarici işlər nazirinin fikirlərini bölüşür.

Yada salmaq yerinə düşər ki, Lena Nazaryan bir neçə ay öncə radikal-qisasçı kəsimin mövqeyinə etiraz edərək demişdi ki, “Ermənistan hərbi revanş haqda fikirlərdən vaz keçməlidir”. O, “ərazilərin güc yolu ilə geri qaytarılması” üçün intiqama çağıranları “ziyanlı və geridə qalmış” adlandıraraq, onu da söyləmişdi ki, Ermənistan bütün qonşularla “uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə” çalışmalıdır.

*****

Şübhə yox ki, Azərbaycan qonşu ölkədəki daxili ictimai ovqatı daim ciddiyə alaraq öz təhlükəsizlik tədbirlərinə davam edəcək. Özünün hərbi və iqtisadi qüdrətini durmadan artıracaq, bölgədəki açar rolunu daha da gücləndirəcək. Bunu hər şeydən öncə iki ölkə arasında sülh müqaviləsinin İrəvanın apardığı siyasət ucbatından bu günədək imzalanmaması diktə edir.

Bu da o anlama gəlir ki, müharibə bitsə də, nəzəri olaraq, yeni müharibə riski hələ tam aradan qalxmayıb. Çünki Ermənistan Azərbaycan və qardaş Türkiyəyə qarşı əsassız ərazi iddialarından rəsmən imtina eləməyib. Demək, Bakı və Ankara regionla, konkret olaraq Ermənistanla bağlı həm də sinxron siyasət aparmağa davam edəcək.

Əlbəttə ki, ölkələr arasında əlaqələrin bərpası quru sözlərlə, quru bəyanatlarla da olmur – çox şey bundan başlasa da. Bundan ötrü vacibdir ki, tədricən qarşılıqlı inam atmosferi bərqərar edilsin və güclənsin. Təəssüf ki, bu prosesə də ən böyük əngəli yenə Ermənistanın özü yaradır. Əsas səbəbi vurğuladıq: məğlub Ermənistanın Azərbaycana qarşı “öz müqəddəratı təyinetmə” bəhanəsi ilə hələ də ərazi iddiaları ilə yaşaması, bunu vaxtaşırı yüksək çinli rəsmilər səviyyəsində bəyan eləməsi. Yəni dövlət səviyyəsində ilhaq, işğal siyasətinə sadiqlik. 

Yaxud müharibə 5 aydır bitsə də, İrəvan indiyədək minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən israrla boyun qaçırır. Nəticədə bu günədək 50-dən çox insan öz həyatını itirib. Təbii ki, bu, pis məram göstəricisi olmaqla yanaşı, bölgədə daimi sülhün əldə olunmasına, erməni tərəfinə etimadın yaranmasına zərrəcə kömək edə bilməz.

*****

 İlham

Hikmət Hacıyev

“Mina xəritələrinin Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur”.

Bu sözləri Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O, haqlı olaraq qeyd edib ki, minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır.

Azərbaycan Prezidentinin köməkçisi həmçinin beynəlxalq ictimaiyyətin mina təhlükəsinin aradan qaldırılmasında rolunun çox əhəmiyyətli olduğuna diqqət çəkib və bir daha diqqətə çatdırıb ki, Ermənistanın işğalı altında qaldığı 30 il müddətində Azərbaycan ərazilərində çoxsaylı minalar basdırılıb. “Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir. Azərbaycan mülki əhalisinin hüquqları kobud surətdə pozulur”, – hökumət rəsmisi bildirib.

Mina

Azərbaycan Prezidentinin köməkçisi onu da vurğulayıb ki, Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə qarşı yönəldib: “Bu, etnik təmizləmənin bir təzahürüdür. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur. Minalar Azərbaycanın məhsuldar torpaqlarında yayılıb və bu da Azərbaycanın dayanıqlı inkişafına mane olur”.

*****

Aydındır ki, Ermənistanın xarici siyasəti bəşəri mahiyyət qazanmayınca, insana nifrətdən insana sevgiyə köklənməyincə, qonşu dövlətlərin də ona münasibəti normal olmayacaq. Adətən ölkədəki siyasi qüvvələr, bütövlükdə siyasi elita ilk növbədə sosial sifarişdən, ictimai ovqatdan çıxış edir. Bu mənada 20 iyun seçkiləri Ermənistan üçün, erməni xalqı üçün bəlkə də son sınaqdır.

Yəni bu toplum öz yolunu, nəhayət, qəti olaraq dəqiqləşdirməlidir: gerçəkdənmi o, qonşu xalqlarla dinc, sülh və mehribanlıq şəraitində yaşamağı, tərəqqi etməyi arzulayır, yoxsa əbədi nifrət və şər mənbəyi kimi, regionun “izqoy” xalqı olaraq qalmağı tərcih edir…

Siyasət şöbəsi

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org