Belarusda polis etirazçılara divan tutub

SAVASH.ORGsavash.org


  Belarusun təhlükəsizlik qüvvələri Minskdə və digər şəhərlərdə etirazçıları zorakılıqla dağıdıb. Bundan öncə açıqlanan ilkin ekzit-pol Prezident Alyaksandr Lukashenka-nın seçkinin nəticələri üzrə getdiyini göstərib. Müxalifətin əsas namizədi, seçki kampaniyası tədbirlərinə onminlərlə insanın qatıldığı, Svyatlana Tsikhanouskaya 9 avqust seçkisinin qeyri-rəsmi nəticəsini tanımaqdan imtina edib. Belarusun dövlət televiziyasının məlumatına görə, qeyri-rəsmi ekzit-pol Lukashenka-nın 79,7, Tsikhanouskaya-nın isə 6,8 faiz səs yığdığını göstərib.   Polis zorakılığa əl atıb Müxalifət namizədinin minlərlə tərəfdarı narazılıqlarını bildirmək üçün küçələrə axışıb, ancaq polis rezin güllələr, su şırnağı və gözyaşardıcı qazla onları dağıdıb. Minskdə etirazçıların ümumi sayını müəyyənləşdirmək çətin olub, çünki AzadlıqRadiosu-nun Belarus xidmətinin məlumatına görə, onlar şəhər boyu səpələniblər. Tut.by müstəqil xəbər portalının Twitter-də yerləşdiyi zorakı görüntülərdə polis əməkdaşları etirazçıları dəyənəklə döyür, bir polis maşını etirazçını yerə yıxır. Etirazçıların “Bu bizim ölkəmizdir” deyə qışqırdığı, sürücülərin avtomobillərin işıqlarını yandıraraq siqnal basdığı görünür. Böyük kütləni dağıdandan sonra polis bir neçə saat ərzində Minskin mərkəzində kiçik qruplar halında yığışan etirazlara divan tutub, xəbəri “Associated Press” yayıb. “Novaya Gazeta” yazır ki, Brestdə hüquq-mühafizə əməkdaşları gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib, etirazçı sayı 5 mindən 200-300-ə düşüb.   Saxlananların sayı bəlli deyil “Belta” dövlət xəbər agentliyinin avqustun 10-da səhər Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, polis “icazəsiz kütləvi tədbirlərə” nəzarəti ələ alıb. Nazirliyin sözçüsü radioya bildirib ki, icazəsiz yürüşlər “başa çatmayıb”, ona görə də o, saxlananların sayını açıqlaya bilməz. Bundan öncə çoxsaylı həbslər barədə məlumatlar yayılıb. Minskdəki Vyasna (Bahar) insan haqları qrupu ölkə üzrə jurnalistlər daxil olmaqla, azı 120 nəfərin saxlandığını bildirib. “Baş verənlər dəhşətlidir”, – Tsikhanouskaya mətbuat konfransında deyib, ekzit-polun nəticəsini tanımadığını açıqlayıb. “Mən gözlərimə inanıram, görürəm ki, çoxluq bizimlədir”, – Tsikhanouskaya vurğulayıb. Seçki günü polis və əsgərlər Minskə daşınıb, strateji məkanlarda mövqe tutub. Minskdə ictimai nəqliyyat məhdudlaşdırılıb, günün əvvəlindən sosial media şəbəkələrinə çıxış demək olar olmayıb. Radionun Belarus xidmətinin məlumatına görə, seçki məntəqələrində növbəyə duranların çoxu müxalifətə dəstək əlaməti olaraq ağ bilərzik taxıblar. Sosial mediada da Moskva, Berlin, Londondakı səfirliklərdə növbəyə duranların ağ bilərzikli fotoları yayılıb.   Tsikhanouskaya tərəfdarlarına demişdi ki, “vicdan və saflıq” simvolu olaraq bilərzik taxsınlar. Belarusun 21 diplomatik postunda keçirilən ekzit-poll isə Tsikhanouskaya-nın 81,5, Lukashenka-nın 6 faiz səs yığdığını göstərib.    Dəyişiklik istəyi Tsikhanouskaya siyasi məhbusların hamısını azad etmək və azad və ədalətli seçki keçirmək vədiylə seçki kampaniyası dövründə böyük yürüşlər keçirə bilib. “Bu, adamların dəyişiklik istəməsinin əlamətidir. Adamlar oyanıblar. Onlar daha qorxu və alçalma ilə yaşamaq istəmirlər. Onlar bu ölkənin vətəndaşları olduqlarını hiss etmək istəyirlər. Bu ruhlandırıcıdı. Xalqın arxamda, ətrafımda, məndən öndə olduğunu anlayıram”, – Tsikhanouskaya bu yaxınlarda “Current Time” televiziyasına müsahibəsində deyirdi. Seçki kampaniyası dövründə mindən çox müxalifətçi həbs olunub, bəzi potensial rəqiblər seçkiyə buraxılmayıb, Rusiyanın ölkədə sabitsizlik yaratmağa cəhd etdiyi iddia olunub. Lukashenka isə Minskdə səs verəndən sonra deyib ki, nə o, nə də hökuməti seçkinin nəticələri açıqlanandan sonra Belarusun “xaos” və “vətəndaş müharibəsi”nə sürüklənməsinə imkan verməyəcək. Bülletendə dörd namizədin adı yer alsa da, əsas diqqət Tsikhanouskaya-ya yönəlmişdi. Əri, populyar vloqer Syarhey Tsikhanouski mayın sonunda həbs olunandan sonra o, seçkiyə qatılmışdı. Seçki Lukashenka-nın populyarlığının azaldığı, iqtisadiyyatın zəiflədiyi, ölkənin koronovirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə keçirilib.
24saat.org
Mənbə – azadliq.info