Baku Steel şirkətinin rəhbəri saxlanıb, vəkili onunla görüşə bilmir

SAVASH.ORGsavash.org


Dünən, yanvarın 28-də saxlandığı bildirilən “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Rasim Məmmədovun vəkili onunla görüşə bilmir.  Bu barədə vəkil Elçin Sadıqov özü məlumat verib. Elçin Sadıqovun bugün, yanvarın 29-da axşama yaxın bildirməsinə görə, o və başqa bir vəkil Bəxtiyar Hacıyev artıq bir neçə saatdır müdafiə etdikləri şəxslə görüş üçün icazə ala bilmirlər: “Biz görüşə gəlsək də, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qanunsuz olaraq bizim Rasim Məmmədovla görüşümüzün qarşısını alır. Əlimizdə order, qalmışıq DTX-nin qarşısında, əlaqə saxladıqda deyirlər ki, rəhbərlik icazə verməlidir. DTX-yə teleqram da göndərmişik, bizə cavab verən yoxdur”. Rasim Məmmədovun yaxınları isə “Turan” İnformasiya Agentliyinə bildiriblər ki, ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq ) və 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb. Onun habelə 308.2-ci (Ağır nəticəyə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə,) maddəsi ilə də ittiham edildiyi qeyd olunur. Rasim Məmmədovun yaxınlarının gümanına görə, bu addım onu vəkillərdən imtina etdirmək istəyindən irəli gələ bilər. Bu açıqlamalara, hələlik, Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.  “Baku Steel Company” MMC poladəritmə müəssisəsidir. Bu müəssisənin rəhbərliyinə qarşı mətbuatda zaman-zaman bəzi iş adamları və müəssisələrin rəhbərliyinin iddiaları olub. Onlar “Baku Steel Company”MMC-ni monopoliyada, onun rəhbərliyini başqasının əmlakını mənimsəməkdə ittiham ediblər. Amma “Baku Steel Company “MMC -nin rəhbərliyi belə iddiaları bir qayda olaraq inkar edib. 
24saat.org
Mənbə – azadliq.org