Azərbaycan XİN-in sözcüsündən Aİ sözcüsünə cavab

SAVASH.ORGsavash.org


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Avropa İttifaqının sözçüsünün açıqlamasını şərh edib. Mətbuat xidməti qeyd edib ki, Avropa İttifaqının (Aİ) sözçüsünün “ 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlama verməsi təəccüb doğurur.”: “Avropa İttifaqının (Aİ) sözçüsü tərəfindən 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur. Məlum olduğu kimi, Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə yaxın müddət ərzində əsarətdə saxlanılmış və bu vəziyyətə Aİ biganə münasibət göstərmişdir Azərbaycan xarici işlər nazirliyinin sözçüsü açıqlamada Aİ sözçüsünə xatırladır ki: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə etmişlər.” Açıqlamaya görə, bu qrupun törətdiyi terror aktları nəticəsində Azərbaycan hərbçiləri Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olmuş, bir nəfər mülki şəxs Seymur Rzayev ağır yaralanıb: “Nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən bu şəxslər hərbi əsir hesab edilmirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir. Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir”. Qeyd edilir ki, Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir: “ Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcəkdir.Qeyd etmək istərdik ki, bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər” 5 əsir qaytarılıb Yanvarın 28-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası məqsədilə növbəti əsir dəyişdirilməsinin həyata keçirildiyi bildirilmişdi. Bu barədə bəyanatı yanvarın 28-də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov vermişdi. Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilmiş məlumatda vurğulanırdı ki, general Muradovun şəxsi nəzarəti altında Rusiya hərbi hava qüvvələrinin təyyarəsi Bakıya bir hərbi əsir gətirib və Yerevana göyərtəsində 5 əsirlə qayıdıb. Məlumata görə, general Muradov deyib ki, Rusiya sülhməramlıları bundan sonra da üçtərəfli razılaşmanın icra olunmasını qətiyyətlə həyata keçirəcəklər. Bir gün əvvəl, yanvarın 29-da Avropa İttifaqının sözçüsü 5 hərbçinin  Ermənistana verilməsini alqışlamaqla yanaşı Azərbaycanı qalan 57 erməni hərbçisini tez bir zamanda azad etməyə çağırır. Rəsmi Bakı isə hesab edir ki, həmin hərbçilər Qarabağ bölgəsinə atəşkəs elan ediləndən sonra Ermənistanın Şirak rayonundan göndəriliblər  və onlar Azərbaycan hərbçilərini və mülki şəxsləri öldürüblər.  Bu baxımdan da həmin hərbçilər   hərbi əsir hesab oluna bilməzlər və  ölkə qanunları qarşısında törədikləri əmələ görə cavab verəcəklər. Xatırlatma 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. 10 noyabr razılaşmasında əsir və girovların dəyişdirilməsi məsələləri də əksini tapıb.Bu arada bir neçə dəfə belə tədbirlər qarşılıqlı olaraq həyata keçirilib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi
24saat.org
Mənbə – azadliq.org